Bəhram Bağırzadə Ingla School-da qonaq oldu: Uşaqlar üçün ilhamverici görüş

Bugün mərkəzimizdə Azərbaycanın əməkdar artisti və sevilən yazıçılarından biri – Bəhram Bağırzadə qonaq oldu. Bu xüsusi görüş sadəcə tanışlıq məqsədi daşımırdı; əsas hədəf uşaqlarda mütaliəyə marağı artırmaq, kitab sevgisini gücləndirmək və onları düşünən, araşdıran fərdlər kimi inkişaf etdirmək idi.
Ingla School-un şagirdləri artıq bir müddətdir ki, müəllifin ingilis dilində yazılmış kitablarını oxuyur və müzakirə edirlər. Bu əsərlər vasitəsilə onlar həm dil bacarıqlarını inkişaf etdirir, həm də zəngin və maraqlı məzmunla tanış olurlar. Yazıçı ilə birbaşa ünsiyyət isə uşaqlar üçün güclü motivasiya və ilham mənbəyinə çevrildi.
Görüş zamanı uşaqlara yazıçılığın mahiyyəti, yaradıcılıq prosesi və kitab oxumağın insan həyatındakı rolu haqqında dəyərli fikirlər çatdırıldı. Xüsusilə Cırtdan obrazı üzərindən Azərbaycanın milli dəyərlərinin və mədəni irsinin dünyaya tanıdılmasının vacibliyi vurğulandı. Bu obrazın ingilis dilində təqdim olunması uşaqlara həm milli kimliklərini qorumağın, həm də qlobal dünyaya açılmağın mümkün olduğunu göstərən gözəl nümunə oldu.
Bu cür görüşlər uşaqlarda oxu vərdişlərinin formalaşdırılması, dünyagörüşlərinin genişlənməsi və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ingla School olaraq məqsədimiz məhz bu kimi təşəbbüslərlə gələcək nəsli həm bilikli, həm də dəyərlərinə sahib çıxan fərdlər kimi yetişdirməkdir.
